Qarabağda 4 il döyüşən, meyitindən səs gələn Dərya müəmması. Hüseynin sirli ölümü...
Biri var idi... - Hüseyn Dərya
Onda şeytan tükü var idi, baxdığı bütün insanların qəlbinə bitib-tükənməyən bir atəş salırdı. O üzdən Azərbaycanda özündən əvvəl və özündən sonra heç bir məşhurda olmayacaq sayda coşqun fanat ordusu yarandı.
Azərbaycanda adı divarlara ən çox yazılan ismdən - Hüseyn Dəryadan - daha doğrusu, ölmədən morqa atılan, meyitindən qəribə səs gələn, narkotika və qadınların qurbanına çevrilən Hüseyn Dərya müəmmasından danışacağıq... Zəng edib məni ölümlə hədələyirlər, tez-tez intihara cəhd edirəm dediyi günlərin birində qəzaya düşən reperin ölümünə nə səbəb oldu? İntiharmı, sui-qəsdmi, əcəlmi?
O, 1975-ci il iyunun 29-da Bakıxanov qəsəbəsində doğulub. Ailədə 5 uşaq olublar - 3 bacı, 2 qardaş. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Farsca yazmağı və danışmağı mükəmməl bilib. Hamı onu şəhər uşağı kimi tanısa da, əslən laçınlıdır. Məktəbi bitirəndən sonra sənədlərini Bakı Dövlət Universitetinə verib, sonra fikrini dəyişərək, hərbi xidmətə yollanıb. Xidməti Qarabağ müharibəsi dönəminə düşdüyündən 4 il 2 ay hərbi xidmət çəkib. Müharibə veteranı və müharibə əlili olub. Hərbi xidmətdə olduğu dönəmdə hələki replə yox, meyxana ilə məşğul olub
Hüseyn bəlkə də Azərbaycanda ən qısa anda populyarlığın pik nöqtəsinə çatan yeganə şəxsdir. Karyerası boyu aşa bilmədiyi mahnı isə, özünün heç vaxt ciddiyə almadığı, hətta son iki bəndini səsyazma studyasında salfetə yazdığı “Keyf elə” mahnısı oldu.
Həmin albomda “Soy” mahnısının uğur qazanacağını düşünsə də, “Keyf elə” anidən partlayır. O bizə eyni albomda həm muğam, soyumuza sayqı təqdim etmişdi, həm də “keyf elə” demişdi. Biz “Keyf”i seçdik...(Yan ekranda fanatların əyləncəsi, Sərdar ekrana baxır)
Daim ironiyanı həqiqət kimi qəbul edib eyforiyaya qapılan qafqazlılar kimi bu irreal təklif - “Keyf elə” ifadəsi bir gecəyə bütün Azərbaycanın qanına işlədi. Necə ki, illər əvvəl Mirzə Ələkbər Sabirin “Millət necə tarac olur olsun, nə işim var?” ironiyasına da eyni münasibəti bildirmişdik.
Hüseyn isə hələ qarşısındakı bu təhlükədən xəbərsiz idi...
Analoqu olmayan enerjisi, istedadı ilə salfetkaya yazaraq bir günə ərsəyə gətirdiyi mahnılarını sıralayır, məşhurluğun təhlükəli sərhədlərində dolaşır, tikanlı məftillərin üzərindən o üzə, bu üzə hoppanaraq həyatı ilə oyun oynayırdı...
Rejiossor Kənan MM-lə dost olublar, Hüseyn Dərya anidən çox böyük populyarlıq qazansa da, hələ maddi baxımdan normal təminatı yox idi. Televiziyaya qonaq çağrıldıqda maraqlı bir hadisə yaşanır. Kənan deyir, Hüseynin paltarı mənə nisbətən daha nimdaş olduğu üçün Speysin tualetində paltarımızı dəyişdik. Beləcə Hüseyn Dərya Kənanın paltarı ilə efirə çıxır. Kənan həmin müsahibəsində onu da qeyd edir ki, onlar həmin ərəfədə Nabrana istirahətə gediblərmiş. Normal istirahət üçün pulları olmasa da, hər yerdə Hüseyn Dəryanın mahnıları səslənirmiş.
O dönəmlərin ən məşhur aparıcılarından olan Kamran Həsənli isə hələ reperin sağlığında etiraf edirdi ki, bir dəfə Hüseyn Dəryanı təqdim edərkən zaldan elə səs qopub ki, o çığırtı nə ondan əvvəl, nə də sonra Azərbaycanda başqa bir məşhura görə səslənməyib. Konsertlərinin birində papağını, boyunbağını, hətta ayqqabılarını belə çıxarıblar.
Hüseyn Dərya popularlığının zirvəsində olduğu günlərin birində bərbəzəyin amansız sərgisi olan Nizami küçəsində təsadüfən bir xanımla rastlaşır. Bu rastlantı bir müddət sonra sevgiyə, daha sonra ailəyə çevrilir. İlk həyat yoldaşı olan Sevda Məmmədovadan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı dünyaya gəlir. Bir neçə il sonra reper köhnə pərəstişkarlarından olan Sona İbadova ilə qarşılaşır. Sona bu zaman əmisi oğlu ilə nişanlı olsa da, cütlük bəlalı bir sevdaya qol qoyurlar. Və beləcə o ikinci bir ailə həyatına başlayır, Sevda ona 2006-cı ildə Cahangir adlı bir oğlan bəxş edir.
Hüseyn Dəryanın ailə həyatı təsadüflər, risklər - ən əsası da stabil olmayan, enişli yoxuşlu sevgi macəraları ilə doludur.
Qarşısına çıxan qadınlar zəncirvari olaraq Hüseyni ovsunlayıb - nə qədər qəribə səslənsə də - öz ittihamlarına görə biri digərinin ailəsini dağıdıb. Amma bu paramparça görüntünün içində hər dağılan ailədə bir az da parçalanan Hüseyn Dərya diqqətdən kənarda qalır.
#BiriVaridi #HuseynDerya #trend
17 авг 2020